Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Haqqımızda
24 Fevral , 2015

Abdullayeva (Qasımova) Məlahət Yusif qızı 1959-cu il sentyabr ayının 25-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur. 1976-cı ildə həmin kənddə orta məktəbi, 1985-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsini bitirmişdir. Abşeron rayon Mədəniyət şöbəsinin tələbi ilə 1985-ci ildə təyinatı dəyişdirilib, Abşeron rayon MKS-nə işə götürülüb və 2001-ci ilədək mərkəz və filiallarda, 2001-ci ildən isə MKS-nin direktoru vəzifəsində işləyir.

   Bədii yaradıcılıqla məşğuldur, Azərbaycan Yazıcılar Birliyinin və bir sıra ədəbi məclislərin üzvü, Abşeron rayon Mədəniyyət Evinin nəzdində yaradılmış “Çıraq” poeziya klubunun, Mərkəzi Kitabxananın nəzdində yaradılmış (2001) “Od parçası” ədəbi birliyinin rəhbəridir. 1979-cu ildən bəri yazıları, əsasən şeirləri ilə oxucularla üz-üzə dayanan  Məlahət Yusifqızı ardıcıl olaraq dövri mətbuatda, seir toplularında çap olunub. 1980-ci ildə aşıq Aydın Çobanoğlu ilə “Aygün” ilk aşıq qizlar ansanblını yaratmış, “Aşıq Pəri məclisi”nin ilk üzvlərindən olmuşdur. 1986-cı ilə qədər Azərbaycanın rayonlarında ənənə halını almış “Saz bayramlarının”,  bir sıra efir və ekran verilişlərinin iştirakçısı olub. 1983-cü ildə Flarmoniyada aşıq Aydın Çobanoğlu ilə “Alıxan və Pəri xanım” dastanını tamaşaçıların nəzərinə çatdırmışdır. Abşeron rayon tədbirlərində iştirak etmiş, 1988-ci ildən məlum hadisələrdən sonra sazı “birdəfəlik” olaraq sözə dəyişmişdir. 1979-cu ildən dövrü mətbuatda, almanaxlarda şeirləri ilə çıxış etmiş, “Od parçası”(“Yazıçı”,-1991), “Qədərində götür” (“Vektor”,- 2007) şeirlər kitablarının müəllifidir. İki şeirlər kitabı (böyüklər və uşaqlar üçün) çapa hazırdır. Məlahət Yusifqızının “Od parçası” adlı ilk şeirlər kitabı 1991-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən, “Qədərində götür”adlı kitabı 2007-ci ildə “Vektor” nəşrlər evi tərəfindən, “Gözlədim yalana qədər” adlı şeirlər kitabı isə 2009-cu ildə “Yazıçı” nəşriyyatı tərəfindən çap olunub. Uşaqlar üçün yazdığı şeirləri və nəsri  çap olunmayıb. Yaxın günlərdə yeni şeirlər kitabı və “Çıraq” poeziya klubunun 15, “Od parçası” ədəbi məclisinin 10 illiyi münasibəti ilə hazırladığı kitab çapa təqdim olunacaq. 2012-ci ilin Prezident mükafatına layiq görülüb. Ailəlidir, 5 övladı var.