Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Xəbərlər
24 Dekabr , 2018

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçilib).

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına başlayıb.

Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dünya miqyaslı geosiyasi mərkəz statusunu qazanıb, siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin və qlobal əhəmiyyətli görüşlərin keçirildiyi məkana çevrilib.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanı daha parlaq gələcək gözləyir.

Abşeron Mərkəzi Kitabxana Sisteminin və Elektron Kitabxananın 
kollektivi Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir!